AYƏTULLAH MÜNTƏZİRİNİN ŞAHİDLİYİ

Ayətullah Müntəziri Seyid Fəzlullahın elmini və xidmətlərini tərifləmiş, onun mərcəiyyəti (dini rəhbərliyi) və fikirləri ilə bağlı ona verilən suala belə cavab yazmışdır: “Həzrət Ayətullah Seyid Fəzlullah Beyrutda İslama xidmət edən müctəhid alimdir və onun elmindən və kitablarından istifadə olunur!” (h. ş. 22 fərvərdin 1384-cü il – m. 11 aprel 2005-ci il)

ŞEYX YASİR ÖVDƏT İLƏ AÇIQ DİALOQ

ŞEYX YASİR ÖVDƏT[1] İLƏ AÇIQ DİALOQ 

“SEYİD FƏZLULLAHA İBTİDADAN TƏQLİD ETMƏYƏ

BAŞLAMAQ VƏ ONA TƏQLİDİ DAVAM ETDİRMƏK OLAR”.

“Feysbuk” sosial şəbəkəsində uzun elektron dialoqda Livandakı elmi hövzənin ustadlarından biri olan Şeyx Yasir Övdət dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullahın şəxsiyyəti, elmi, fiqhi, hərəkati və ictihadi fərqi haqqında danışaraq onun müqəddəs proqramından bəzi hissələrə və keçdiyi həyat yoluna toxunmuşdur.

Şeyx Övdət həm də ona təəccüblənmişdir ki, bəziləri Ayətullah Fəzlullahın rəhbərliyinə dair başqalarından şəhadətnamə tələb edir. Halbuki başqaları onun şəhadətnaməsinə möhtacdır. O demişdir: “Seyiddən başqası ona şəhadətnamə verəcək şəxsə möhtacdır. Seyidə gəlincə onun elmi, qurani, fiqhi və başqa sahələrdəki görüntüsü digərlərinə şəhadətnamələr verə biləcək gücdədir. Livana gəldiyi vaxtdan etibarən xəstəliyinin son günlərində çətin təhlükəsizlik şəraitində, hətta bombardmanlar zamanı dərsi-xarici dayandırmamışdır”.

Dialoqda iştirak edənlərdən biri belə bir fikir söyləmişdir: “Seyid Fəzlullah Nəcəfdən müctəhid olmadığı bir halda çıxmış və sonra Livanda bu mərhələyə çatmışdır”. Şeyx Övdət bu sözə etiraz edərək demişdir: “Cənab Seyidin Ayətullah Seyid Xoyidən və başqasından ictihad üçün icazəsi var. Şəhid Sədrin: “Nəcəfdən çıxan hər bir şəxs Nəcəfdən məhrum olmuşdur, lakin Seyid Fəzlullah istisnadır. O, Nəcəfdən çıxdıqda Nəcəf ondan məhrum oldu” sözü onun bir çox sahələrdə dərin düşüncə sahibi olmasının və fəqihlər və müctəhidlər kimi geniş elmin onun vasitəsilə əta olunduğu ən yüksək dərəcələrə çatmasının dəlilidir”.

Şeyx Övdət sonra əlavə etmişdir: “Mən şəxsən bilirəm ki, mərhum müqəddəs Seyid Əbdürrauf Fəzlullah Seyid Fəzlullahı Nəcəfdən gətirdiyi vaxt “ehtiyat”da, ələlxüsus ümumi şəkildə əhli-kitabın və kafirlərin nəcis olması məsələsində insanların Seyid Fəzlullaha müraciət etməsinə icazə verirdi”.

Şeyx Övdət, adətən, yalnız müctəhid alimə verilən və Seyid Xoyinin 1980-cı illərdə Seyid Fəzlullaha təltif etdiyi mütləq vəkaləti dəlil olaraq göstərmişdir. O deyir: “Xatırlayıram ki, bəzi Livan alimləri Seyid Xoyiyə məktub göndərərək bildirmişlər ki, Seyid Fəzlullah Dauhədə Seyid Xoyinin xeyriyyə binalarının birində yeyintiyə yol vermişdir. Seyid Xoyi onlara cavab vermişdir ki, “Mütləq vəkilimiz Seyid Fəzlullah müctəhiddir. Onun öz rəyi vardır. Onun əli mənim əlim, onun dili mənim dilimdir!”

Seyid Fəzlullahın dini rəhbərliyi və vəfatından sonra ona təqlid etmək – istər ibtidadan təqlid olsun, istərsə də ona təqlidi davam etdirmək şəklində olsun – məsələsi haqqındakı söhbətində Şeyx Yasir Övdət açıqlamışdır ki, o, mərhum rəhbərin əsrimizdə ən bilikli (ə’ləm) müctəhid olduğuna və başqalarından fərqli olduğuna inanır. O deyir: “Ən azı ələlxüsus hərəkati rəhbərlikdə onu təqlidi rəhbərlikdən fərqləndirən fikri və elmi şəxsiyyətindəki bir çox ünsürlərlə burada ondan daha savadlı bir şəxsin olduğuna inanmırıq”.

Bu səbəbdən hazırda mövcud olan bir çox dini rəhbərlərin fitvalarına əsasən Cənab Seyidin müqəllidlərini ona təqlid etməyi davam etdirməyə çağırdı. Həmin dini rəhbərlər ölmüş müctəhidə təqlid etməyi davam etdirməyə icazə verir, yaxud o, ə’ləm (daha bilikli) olduğu halda bunu vacib bilirlər. Şeyx Övdət təkidlə bildirir ki, hətta vəfatından sonra ibtidadan ona təqlid etmək icazəlidir və bu, həyatda ikən ona təqlid etməmiş şəxsə aid məsələdir. Şeyx Övdət bu fikrində İbrahim Cənnati kimi ibtidadan ölüyə təqlid etməyə icazə verən hazırda fəaliyyət göstərən bəzi dini rəhbərlərin rəyinə istinad etmişdir.

TƏQLİD VƏ DİNİ RƏHBƏRLİK (MƏRCƏ’LİK)

Verilən suallar içində ən çox payı olan bir mövzu hesab edilən təqlid və Seyid Fəzlullahın rəhbərliyi mövzusunda Şeyx Yasir Övdət öz cavablarında bildirmişdir ki, bir çox fəqihlər ölüyə təqlidi davam etdirməyə icazə verirlər. Ölüyə təqlidin icazəli olub-olmadığına şəkk etdikdə fiqhi əsas budur ki, bu, caizdir. Həddi-büluğa yeni çatmış şəxsin ibtidadan ölüyə təqlid etməyə icazə verən müctəhidin rəyinə əsasən mərhum Seyid Fəzlullaha təqlid etməsi mümkündür.

Allah-Taala Seyid Fəzlullah kimi bir şəxs yetirənə qədər ona ibtidadan təqlid etməyə başlamaq və ona təqlid etməyi davam etdirmək olar. Şeyx Övdət deyir: “Ən azı 50 il ona təqlid etmək barədə fitva vardır. Güman etmirəm ki, sən 50 ildən sonra da Seyid Fəzlullahın etdiklərini edə biləcək bir rəhbər tapasan”.

Bu sahədə Şeyx Övdət ölüyə təqlid etməyin icazəli olması ilə bağlı bir sıra fiqhi dəlillər gətirmişdir:

“1. Ağıllı insanların həyat tərzi (sirətul-üqəla) günümüzə qədər ölülərin fikrindən istifadə etmək əsası üzərində cərəyan edir. Ürfə bax. Məgər müəlliflərinin ölməsi ilə tibb, kimya, fizika, yaxud başqa sahədəki nəzəriyyələr ölmüşdür? Yoxsa, onlardan istifadə edilir və onlar inkişaf etdirilir?

2. Dindarların, yəni elm adamlarının həyat tərzi: onlar həmişə ölülərin rəylərindən və dəlillərindən istifadə edir və həyatın tələblərinə uyğun olaraq onları inkişaf etdirirlər. Hətta belə güman edirəm ki, məşhurla müxalifətdə olmaqdan qorxaraq vacib ehtiyat – deyə fitva verən fəqihlər məşhura təqlid edirlər. Məşhur isə yalnız ölülərdir. Fəqih fitva baxımdan ölüyə, yəni məşhura təqlid etməkdə haqlı olduğu bir halda, adi insanların ölüyə müraciət etməyə niyə haqları yoxdur?!

3. Cahilin alimə müraciətinin vacibliyinə dəlalət edən dəlillərin hamısı yalnız dirilərə, yaxud ölülərə aid deyil, əksinə hamıya aiddir: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!”[2] “… Sözümüzü rəvayət edənlərə (ədalətli fəqihlərə) müraciət edin. …”

4. İstishab[3] ölünün fitvasının dəlil qalıb-qalmaması barədə şübhə yarandıqda istinad edəcəyimiz üsuli bir dəlildir. İstishab edib fitvanın dəlil olaraq qalmasına hökm edirik.

5. Ölüyə təqlidin caiz olub-olmadığına şəkk etdikdə əsas prinsip budur ki, bu caizdir.

Səmimi olaraq deyirəm, imamların və Peyğəmbərin sözünün dəlil olması onlar dünyadan köçüblər deyə qüvvədən düşmüşdür?! Məgər onlara müraciət edib onlardan istifadə etmək icazəli deyil?! Ölüyə təqlidi davam etdirməklə ibtidadan ona təqlid etməyin icazəli olmaması arasında fərq qoymaq təəccüb doğurur, çünki hər ikisi eyni məsələdir.

6. Diriyə təqlidin vacibliyi üçün ortaya qoyduqları dəlillərin hamısı iddia ilə uyğun gəlməyən dəlillərdir, əksinə o dəlillərin “mərcə’liyin tələbləri” adlanan bir fikrin üzərində olmasından qorxuram. Bu müxtəsər izahla kifayətlənirəm”. Müəyyən bir dini rəhbərə müraciət etmədən, ölüyə təqlidi davam etdirməyin icazəli olmasına fitva verən diri mərcə’lərin fiqhi rəyinin ittifaqına əsaslanmaqla Seyidə təqlidi davam etdirməyin icazəli olması barədə onun idarəsi tərəfindən verilən bəyanatın səbəbi haqqında soruşulan suallardan birinə belə cavab vermişdir: “Hesab edirəm ki, alimlərin vahid rəy üzərində ittifaqı deyildikdə, ümumi-istiğraqi (hər bir fərdə ayrı-ayrılıqda şamil edilmə) nəzərdə tutulmur, əksinə tanınmış əksəriyyət və dini rəhbərliyə namizədlikləri irəli sürülmüş şəxslər nəzərdə tutulur. Onlar ölüyə təqlidi davam etdirməyin icazəli olduğu fikrini irəli sürürlər. Onların bəziləri əgər ə’ləmdirsə, ölüyə təqlidi davam etdirməyi vacib bilirlər. Bəziləri isə ibtidadan ölüyə təqlid etməyə icazə verirlər. Bəziləri isə, ölüyə təqlidi davam etdirməyə icazə verən diri müctəhidlərin olduğunu icmalən (ümumi şəkildə) bildikcə ölüyə təqlidi davam etdirmək üçün konkret bir şəxsi müəyyənləşdirməyin vacib olmadığı fikrini irəli sürürlər. Seyid Əli Fəzlullahın iddia etdiyi fikir fəqihlərin rəylərinə əsaslanır və fiqhi qaydalara da uyğundur”.

Ə’LƏMLİK ANLAYIŞI

Ə’ləmlik anlayışı və ə’ləmə təqlid etmək məsələsində Şeyx Övdət bildirdi ki, bir çox alimlər deyirlər ki, ə’ləm müctəhidi müəyyənləşdirmək qeyri-mümkündür, çünki bu şər’i mətnlərdə dəlili olmayan sırf nəzəri bir məsələdir. Belə ki, fiqhi anlayışa görə ə’ləm istinbat əməliyyatında ən bacarıqlı, ən layiqli və ən bilikli şəxsdir. Bəziləri hesab edir ki, ə’ləm müctəhid üsuli-fiqhdə, yaxud fiqhdə, yaxud da eyni vaxtda hər ikisində ə’ləm olan şəxsdir. Şeyx Övdət qeyd edir ki, ə’ləm müctəhidi müəyyənləşdirmək üçün təkcə üsuli-fiqh və fiqh elmləri ilə kifayətlənmək olmaz, əksinə fəqih dili dərindən bilməli, ədəbi hissə malik olmalı, Quranı dərindən başa düşməli, əvvəla rəvayət ab-havasından uzaq olmalı, sonra isə rəvayət üzərində təcrübə aparmalıdır. Məhz bu xüsusiyyətlər hərəkati və dinamik fəqihi təqlidçi fəqihdən fərqləndirir. Odur ki, Seyid Fəzlullahdan ə’ləm bir şəxsin olması güman edilmir.

Ə’ləmlik şəhadətnaməsi haqqında danışarkən Şeyx Övdət təəssüflə bildirdi ki, əksər şəhadətnamələrdə insafsızlığa yol verilir. Onu da vurğuladı ki, ə’ləmliyi təsdiq edən şəxs ekspertlərdən (əhli-xibrədən) olmalı və təqlid üçün namizəd verilənlərin hamısını yoxlamalıdır. Şeyx Övdət təəccüblə öz-özünə sual verdi: “Məgər İrandakı mərcə’lərdən birinin ə’ləmliyini təsdiq edən şəxs Nəcəfdəki mərcə’ləri yoxlamışdırmı? Həmçinin əksinə. Yaxud o, Livanda namizədliyi irəli sürülən rəhbərlikdən xəbərdardırmı? Çox təəssüflər olsun ki, cavab mənfidir. Deməli, bu barədəki şahidlik naqisdir və reallığı əks etdirmir. O cür şahidliyə nə şər’i, nə əxlaqi və nə də əqli baxımdan etimad etmək olmaz. …”

MƏRCƏ’LİK (RƏHBƏRLİK) MÜƏSSİSƏSİ

Seyidin mərcə’lik müəssisəsi ilə əlaqədar rəyi ilə Şeyx Övdət bildirdi: “O, irəli sürülmüş ən mütərəqqi islami nəzəriyyələrdəndir. Seyid onu mərcə’lik tarixində bənzəri olmayan müəssisələr müstəvisində az da olsa, tətbiq etmişdir. Bu müəssisənin bərabər fitva verən dini rəhbərlik şurasında həyata keçirilməsinə gəlincə bu arzu çərçivəsindən kənara çıxmır. Hətta hesab edirəm ki, fərdi ağıla deyil, Seyid kimi müəssisə ağlına malik yeni nəsil dini rəhbərlər yetişməyincə müasir dövrümüzdə bu qeyri-mümkündür”.

ZALIMANƏ HÜCUMLAR

Mərhum rəhbərə əziyyət verib iftira, zülm və düşmənçiliklə onu incitmək məqsədi güdən çoxsaylı hücumlara gəlincə Şeyx Övdət bildirdi ki, bunlar Seyid Fəzlullahın fərqləndiyi açıq hərəkətverici cəhətlə bağlıdır, çünki bu xüsusiyyət insanlar tərəfindən həzm olunmurdu. Müasir yenilikçi bir istiqamət idi, bəzi başqa rəhbərlərə isə maneə yaradırdı. Şeyx Övdət deyir: “İnsanlara İslam əxlaqı ilə yanaşılmalı və onlara ən gözəl şəkildə cavab verilməlidir. Şəxsi fikrimcə, ona hücum edənlərin ən aşağı səviyyədə təqvaları və Allahdan qorxuları yoxdur, çünki onlar yalan danışdılar, deyilənləri təhrif etdilər, fitvalar verdilər və onun əsərlərini şüurlu şəkildə oxumadan, yaxud soruşmadan qiyabi hökm verdilər. Eşitmədən və oxumadan hökm vermək dinə uyğun gəlməyən bir şeydir, çünki haqla batil arasında dörd barmaq fasilə vardır. Haqq odur ki, gördüyünü deyəsən. Dəfələrlə görmüşəm ki, iddia edənlərin çoxuna bu barədə yazılanları və həqiqəti göstərdikdə onların açıq yalanı üzə çıxmışdır. Batil isə odur ki, eşitdiyini deyəsən. Çox təəssüflər olsun ki, dini rəhbərliklər və alimlər hökm verdikdə eşitdiklərini deməklə kifayətlənirlər. Bir şəxs haqqında onun özündən eşitmədən hökm çıxardıqda şeytan da o vaxt hazır olur. Ən bəsit hökm vermə qaydası odur ki, hökm çıxarmamışdan əvvəl hər iki tərəfi dinləməlisən. Bunlar hansı təqva ilə hökm verirlər?! Bunu yalnız tarix üçün deyirəm”.

Bu həmlələrin arxasında dayananlar haqqında söhbətinə davam edərək deyir ki, zənnimcə, bunlar: “Fəzlullahın mərcə’liyinin yayılmamasında marağı olanlardır. Onlar başqalarının mərcə’liyində maraqlıdırlar, çünki Seyid Fəzlullah bütün dini rəhbərliklər qarşısında böyük bir maneə idi. Səbəb isə o idi ki, o, öz elmi, siyasi, ictimai, ideoloji və mədəni üstünlüyü ilə insanlara açıq olması ilə onların içərisində yaşaması, qayğıları, problemləri ilə maraqlanması, bütün dairələrdə və mərasimlərdə onlarla görüşməsi, bir çox gündəlik işləri öz öhdəsinə götürməsi, Livandakı məqamından dünyaya açıq olan dinamik dini rəhbərliyi ilə təqlidçi rəhbərliklərdən fərqlənməsindən irəli gələrək bütün müsəlman və qeyri-müsəlmanlara açıq olması ilə fərqlənir və seçilirdi. Onun dinamik rəhbərliyi bütün sahələrdə hərəkət edir və bütün problemləri öz üzərinə götürürdü. Bundan sonra ona yeni həmlələr və hücumlar başlandı, nifrət edənlər, gerilikçilər, dar düşüncə sahibləri, xurafatçılar əks mövqedən çıxış etməyə başladılar. Onlar İslamı və Quranı gerilik, xurafat və yalanlar çərçivəsində bir qutu kimi başa düşürdülər”.

Bu problemə münasibət bildirən Şeyx Övdət İslam əxlaqına sahib olmağı, ən gözəl şəkildə münasibət göstərməyi, xüsusilə dini rəhbərliklərə pislik etməməyi vurğuladı. Əgər birindən incimişiksə, yalnız incidiyimiz işi qeyd etməliyik. Seyid Fəzlullah pislik edənləri təbəssümlə qarşılayar və deyərdi: “Allah onları hidayət etsin!” Yaxud belə deyərdi: “Onlar haqqımızda çox günaha giriblər”. Şeyx Övdət Seyidin müqəllidlərini onun əxlaqına, yəni İslam əxlaqına yiyələnməyə çağıraraq deyir: “Allahdan diləyirəm ki, bütün insanları, ona (Seyidə) zülm edənləri hidayət etsin! Allah ona həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra kömək olsun! Hidayətə tabe olanlara salam olsun!” Dialoqda iştirak edənlərdən biri bildirdi ki, Sistaninin köməkçilərindən biri özünün Fəzlullahın kitablarına son dərəcə heyran olduğundan danışmışdır. Hətta o, kitabları oxuyub qurtardıqdan sonra öpərdi. Ələlxüsus, “İslam-xristian dialoqu” kitabını. Bu kitab Seyid Sistanini heyran etmiş və onu üç dəfə təkrar oxumuşdu. Şeyx Övdət mərhum Seyidin övladları içərisində ictihad mərhələsinə çatanlar haqqında deyir: “Mən hesab edirəm ki, onun iki övladı – Seyid Əli və Seyid Cəfər ictihad yolundadırlar və onlar cüzi də olsa, bəzi fitvalar verə bilərlər”. Eyni konteksdə Şeyx Övdət qeyd etmişdir ki, dini rəhbər İshaq Fəyyaz və İbrahim Cənnati Seyid Əli Fəzlullaha mərhumun təsis etdiyi xeyriyyə müəssisələrinə şər’i hüquqlar çərçivəsində rəhbərlik etməyə icazə vermişlər. Seyidin şagirdlərindən, yaxud övladlarından hər hansı birinin dini rəhbərliyi öhdəsinə götürməsi barədə verilən suala o, belə cavab vermişdir: “Bəli! Lakin gələcəkdə. Hesab edirəm ki, Seyid Əli Fəzlullah gələcəkdə dini rəhbərliyi öz üzərinə götürəcəkdir. Burada müctəhidlik yolunda davam edən tələbələrindən də vardır”. Başqa bir cavabda da demişdir ki, Şeyx Hüseyn Əl-Xəşən də ictihad yolunda hərəkət edir və o, Fəzlullahın ən görkəmli şagirdlərindəndir. Seyid təqlidçi rəhbərliklərdən hər bir sahədə bütün problemləri öhdəsinə götürən, dünyaya açıq olan dinamik rəhbərliyi ilə fərqlənmişdir.

İslam müqaviməti mövzusunda demişdir: “Bildiyim odur ki, Seyid müqavimət hərəkatı yarandığı gündən ona qayğı göstərmiş, xüsusilə, onun bir çox rəhbərlərinə təlimlər vermişdir”. 

SEYİDİN ƏXLAQİ CƏHƏTLƏRİ

Şeyx Övdətin dini rəhbəri və ustadı Seyid Mühəmmədhüseyn Fəzlullah haqqında ən çox qeyd etdikləri bunlar idi: “İntuisiyalı və hazırcavab bir insan idi. Hər hansı bir məsələ haqqında soruşanda qaydalarla və konkret dəlillərlə cavab verərdi. Son günə qədər bu hazırcavablığı özünü qoruyub saxlamışdı. O həm də olduqca diqqətli idi. Məsələn, gündüz vaxtı işığın yandırılmamasına və qənaətlə işlədilməsinə diqqət yetirərdi. Ona pislik edənlərə qarşı danışmağımıza mane olardı. İslam vəhdətini qorumağa çalışardı. Həmişə bizə vəsiyyət edərdi ki, ideoloji və mədəni mübarizə aparaq. Onun bir çox xatirələri vardır ki, onları hal-hazırda qeyd etməyə vaxt və imkan yoxdur”. 

h. q. 01 səfər 1432

m. 05 yanvar 2011

Tərcümə: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor: Məhbubə Kərimzadə


[1] Şeyx Yasir Övdət Livanın cənubunda sərhəd bir kənddəndir. Miladi təqvimi ilə 1969-cu ildə anadan olmuş, 1984-cü ildə Ayətullah Mühəmmədhüseyn Fəzlullahın elmi hövzəsində İslam Şəriəti İnstitutuna daxil olmuş, orada müqəddimə elmləri və bir az da səthi dərsləri oxumuş, sonra 1989-cu ildə müqəddəs Qum şəhərinə getmiş və orada Elmi Hövzənin məşhur alimlərindən dərs almışdır. Burada Ayətullah Nur Mühəmmədi, Ayətullah Hərəndi, Ayətullah İrəvani, Seyid Adil Ələvi və başqalarından təhsil almışdır. Ayətullah Dəmavəndidən uzun müddət dərs almış, sonra Livana qayıtmış, doğma hövzəsində Seyid Mühəmmədhüseyn Fəzlullahın dərsi-xaricində iştirak etməyə başlamışdır. Həmin müddətdən 2010-cu ilə – Seyidin vəfatına qədər orada qalmışdır. Onun bir neçə ictimai və dini fəaliyyəti vardır. Camaat namazına pişnamazlıq etmiş, xütbə söyləmiş, mühazirələr oxumuş, seminarlar və konfranslarda iştirak etmişdir. Bəzi komitələrin və mədəni fəaliyyətlərin müəllifi olmuş, habelə Şəriət İnstitutunda tədrislə məşğul olmuşdur.

[2] “Nəhl”, 43

[3] Lüğətdə “yol yoldaşı olmaq” mənasını verən “istishab” sözü üsuli-fiqh termini olaraq “əvvəl var olan şeyin davamiyyətinə hökm etmək” mənasını verir. Başqa bir təbirlə desək, sonra davam etməsi barəsində şübhə hasil olan öncəki yəqini vəziyyətə riayət etmək. Bunun izahı budur ki, əgər bir şeyin əvvəl mövcud olduğuna yəqinliyimiz olsa, lakin onun hal-hazırkı vəziyyəti barəsində tərəddüd hasil olsa, onun davam edilməsinin hökm edilməsinə istishab deyilir. Məsələn, əgər dəstəmazlı olsaq, sonra dəstəmazı batil edən amilin baş verib-vermədiyinə şübhə etsək, bu vəziyyətdə “istishab” prinsipinə əsasən, dəstəmazın pozulmadığına hökm edəcəyik.

HAMINI NARAHAT EDƏN SÜNNİ-ŞİƏ DİALOQUNA DƏVƏTLƏR

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

İslam dünyası öz siyasi inkişafının daha çox diqqət çəkən mərhələlərindən birini keçirir. Böyük hədə-qorxular və təhdidlər qarşısındadır. Onların ən ciddi hesab ediləni iki mənbədən qaynaqlanır: birincisi daxilidir, belə ki, ərəb-İslam regionunun yaşadığı dramatik siyasi inkişaflar üzündən sünnilər və şiələr arasında qorxu və həyəcan hissi artmaqdadır. Tarixi məsələlərdən qaynaqlanan məzhəb ixtilafları susmaq bilmir. Digəri isə odur ki, regional Amerika Qərb hücumunun nəticəsində sünni və şiə arasında qarşılıqlı qorxu dalğası və həyəcan getdikcə daha da geniş şəkil alır. Yaranmış məzhəbçilik mühiti çox böyük təhlükələr yaradır ki, bu da müsəlmanların vəhdətini, imkanlarını və gələcəklərini hədə-qorxu altına alır, regionun siyasi, iqtisadi və təhlükəsizlik baxımından “Yeni Orta Şərq” layihəsi çərçivəsində Amerikan proyektinin təsiri altına düşməsinə icazə verir.

SÜNNİŞİƏ

Bu gün ərəb və İslam dünyasının üzləşdiyi ən ciddi təhlükə irq və məzhəb bölünmələrinə əsaslanan daxili parçalanmadır. Sünni-şiə parçalanması bunların başında durur, çünki bu iki məzhəb insanları regionun əsas demoqrafik sütununu təmsil edir. Əgər gələcəkdə bu iki məzhəb insanları arasında ixtilaf və ziddiyyət böyüyərsə, bu vəziyyət bütün regionu vulkanın ağzına atmış olar. Əgər vulkan püskürərsə, sünni və şiə müsəlmanların mövcud ziddiyyət və gərginliyi azaltmaq gücü zəifləyər və bu gərginlik ümmətin bütün təbəqələri, hətta ərəb və İslam dünyasının dörd tərəfinə səpələnmiş dövlətlər arasında gərgin əhval-ruhiyyə yaradar.

Regiondakı Amerika siyasətinin mövcud məzhəb ixtilafını qızışdırmaq məqsədi ziddiyyət və gərginliyi daha da artırır. Görünür, bu Amerika planının rahat hərəkət etməsinə vahid İslam övladları arasında təfqirəyə yol açan münbit şəraitin olması da kömək etmişdir.

Bu həyəcanlı bir vaxtda Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullahın ciddi bir dialoq dəvəti gəldi. Bu dəvət sünni və şiə müsəlmanlar arasında qarşılıqlı qorxu və narahatlığın qarşısını almaq, heç bir şərt olmadan vahid dialoq stolu ətrafında birləşdirmək məqsədini güdür. Burada hər şey müzakirəyə açıqdır və hamı dialoqa maraqlıdır, çünki istər fərd, istər toplum, istər məzhəb, istərsə də dövlətlər səviyyəsində hər kəs üçün bu dialoqun nəticələri böyük marağa səbəb olur.

İLK REAKSİYALARIN QİYMƏTLƏNDİRİLMƏSİ

Seyid Fəzlullahın ideyası üzərində ilk reaksiyaların qiymətləndirilməsi vacibdir. Həm sələfi, həm də şiə rəhbərlər tərəfindən müxtəlif reaksiyalar oldu. Çünki bu, tərəflər və rəhbərlərin yaxınlıq, ixtilaf sahələrinin kiçildilməsi, ümumi İslam varlığını hədələyən proqramların müəlliflərinin yararlana biləcəyi bütün boşluqları doldurmaq istəklərini ifadə edirdi. Təbii ki, İslam dünyasında mövcud problemin dərin kökləri vardır. Bütünlüklə dünyada şiə və sələfi müsəlmanların fikir ayrılıqları bu parçalanmanı daha da dərinləşdirirdi. Təbii ki, əvvəlcə bu dəvətə həm mənfi, həm də müsbət münasibətlər oldu. Çünki İslam dünyasında iki əsas məzhəb arasında mövcud olan bu nifrət hissi böyük və uzun ömürlüdür. Bu baxımdan başlanğıcda müsbət mənada dəvətə cürətdə tərəddüdlərin olması təbiidir. Bunun da səbəbi odur ki, bu dəvət İslam dünyasının keçdiyi tarixi mərhələ qarşısında hamını olduqca böyük məsuliyyətə cəlb edir.

Seyidin dialoqa dəvəti az təsirli dəvətlərdən ola bilərdi, çünki eyni vaxtda müsəlmanlar arasında ixtilafı dərinləşdirmək dəvəti də artırdı. Ola bilsin, hər kəs bu və ya digər şəkildə başa düşür ki, vahid İslam mühiti daxilində ortaya çıxan parçalanma ümumislam toxunulmazlıq idealını ciddi-cəhdlə qamçılamaqda davam edir. Bu da İslam dünyasının ictimai, siyasi, iqtisadi, hətta təhlükəsizlik varlığına virusların sirayət etməsinə şərait yaradırdı.

MÜZAKİRƏYƏ AKTİV AURA

İlkin dalğalı müzakirənin bu dəvətin görünüşü, onun ciddiyyəti və məqsədləri haqqında müxtəlif sualların meydana çıxması məlum səbəblərdən yarandı. Bu da öz növbəsində dialoqun bir çox məsələlərdə ciddi və cavabdeh başlanğıc olmasından xəbər verir. Ola bilsin, dəvət onun mənası, məzmunu və məqsədi ətrafında ciddi müzakirə üçün zəruri mühit və aktiv sahə yaratsın. Bu dəvət və dəvətə maraqlı tərəflər adi deyildir. Bu dəvət üzərində qurulacaq dialoq təbii ki, adi ola bilməz. Burada dəvəti münasib hesab edənlərin, hətta həssaslıq, bəlkə də, ilkin narahatlıq keçirənlərin səmimi niyyətləri qeyd olunur, çünki üzərinə dialoq qurulacaq ilk addım bir-birindən soyumuş, uzaqlaşmış, hərəsi özü üçün inanc sarayları tikmiş, idrak binaları uzaq məsafələrdə yerləşən məzhəblər arasında inam amili yaradacaqdır. Sonralar bu inamın qurulması uzun zaman müsəlmanların üzünə bağlı olan bir dünyaya giriş üçün tərəddüd simvolunu qıracaqdır.

Bəlkə də, demək yersizdir ki, tarixi vahid rəngində İslam məzhəblərinin binalarının tikilməsi bu məzhəblərdə məzhəbçilik xüsusiyyətlərini böyütmüş, bu xüsusiyyətlərə baxışda bir-birinə nifrət edən bəzi qurumlarını həddi aşmağa şövq etmişdir. İslamda nəzər-nöqtələri İslamın özünə qarşı böyüməkdə davam etmiş, Quranda və Sünnədə təmsil olunmuş islami mətnlərin daxilinə girmək üçün xüsusi qapılar və adlara ehtiyac vardır. Bu bir həqiqətdir, ola bilsin, onun üzərində ciddi işləmək lazımdır ki, Həzrət Mühəmmədin (s) gətirdiyi, bizim hamılıqla sığındığımız o təmiz dinə birlikdə geri qayıda bilək.

Əksər işlər mənfidir və uzun zamandan bəri yaranmışdır. Hər bir məzhəb daşıyıcıları digər məzhəb daşıyıcıları haqqında müəyyən xüsusi bir obraz yaratmış və bu obraz digər tərəfin inanc, ideya və təsəvvürlərini əhatə edir. Bəlkə də, bütün bu obraz və təsəvvürlərin əksəriyyəti hər iki tərəfin digər tərəfə qarşı xəyal görüntüsüdür. Ola bilsin, bu tərəddüdlərin və xəyalların şişirdilməsi müsəlmanları yaxınlaşdırmaq, onları birləşdirmək istəyən alimlərin qarşısını ala bilmədi.

Şübhə yoxdur ki, İslam məzhəbləri arasındakı ixtilaf uzaq keçmişdən bəri mövcuddur. Məncə, bunu görməmək mövcud həqiqəti görməmək hesab olunur. Bu fikir ayrılığı və bunun nəticəsində yaranan mübahisələr uzaq tarixi gedişatdan yaranmış çətin bir məsələdir. Bunun siyasi, etiqadi, hətta sosial səbəbləri vardır. Bəziləri bunu digər tərəfin İslamda həddindən artıq ciddi olması və qarşı tərəfi küfr və yolunu azmaqda günahlandırması ilə əlaqələndirir. Digərləri başqa məzhəblərin rəmz və adətlərini pisləyir, təhqir edir, hətta bir-birinə ləqəblər qoşurlar ki, bu da təəssüf hissi doğurur.

Lakin bu iş bütün ixtilaflı məsələlər ətrafında dialoq və müzakirənin qarşısını almalıdırmı? Cənab Seyid hesab edir ki, bütün bunlar dialoq əldə etmək üçün obyektiv şərait yaratmalı, insanı hərəkətə keçirən, ruhlandıran bir stimul olmalıdır. Vahid ümmət övladları arasında uzaqlaşmanın qarşısını almaq üçün yeni bir proyekt və layihələrin qurulması hazırkı siyasi tarixi məqamda ən mühüm islami vəzifələrdəndir.

İslam ümməti düşmənlərinin müsəlmanlar arasındakı ixtilaflara birbaşa daxil olması, məzhəblər arasında mövcud olan ziddiyyət və gərginlikləri qızışdırmaları, bundan İslam aləminin çökdürülməsi üçün istifadə etmələri dialoq və görüş zərurətlərini daha da artırır.

Böyük qüvvələr təbii ki, bir müsəlman olaraq bizi özümüzdən artıq sevmir. Onlar bizi zəif, gücü tükənmiş, öz düşmənçilik planları və proyektləri qarşısında aciz olaraq parçalanmış görmək istəyərlər. Bir-birimizə mərhəmət əlini uzatmamağımız bizə şər gözü ilə baxan düşmənin sevgisindən daha azmı zərərlidir?

MÜSƏLMANLAR DİALOQA MÖHTACDIRLAR

Buradan çıxış edərək bildirirəm ki, qorxu və həyəcan hissini dağıdacaq, müsəlmanlar arasında imperialist qüvvələr qarşısında sədd təşkil edəcək inamı yaradan dialoq labüddür. Beləcə, bütün müsəlmanların mənafeyi Rəsuli-Əkrəmin sözündə təcəlla edir: “Möminlərin bir-birinə sevgisi və mərhəməti bir bədən kimidir. Əzalardan biri ağrıyarsa, digər əzalar da narahatlıq keçirir”.

Müsəlmanlar bir-birini daha yaxından tanımaq üçün dialoqa möhtacdırlar. Bir-birimiz haqqında həqiqətə uyğun olmayan təsəvvürlərlə ayrı məzhəb və cərəyanlar olaraq qalmamalıyıq. Yalnız dialoqun köməyi və danışıqlar yolu ilə bir-birimizi tanıyıb, dinc, yanaşı yaşayıb bir-birimizə mərhəmət göstərəcəyik. Razılaşdığımız təməllər üzərində sevgi və mərhəmət körpüləri tikə bilərik. Fikir ayrılığı və ziddiyyət yaradan cəhətləri neytrallaşdırmalıyıq ki, mübahisə, toqquşma, bəlkə də, döyüşə əsas qalmasın. Bütün bunlar qarşı tərəfi küfr və İslamdan dönüklükdə ittiham etmədən olmalıdır.

Cənab Seyidin dəvəti, şübhəsiz, dialoq və görüş üçün ciddi fürsətdir. Axı kafirlər, habelə materialistlər bir-biri ilə daim dialoq keçirirlər. Əvvəllər kommunistlər də belə etmişlər. Elə isə biz müsəlmanlar nə üçün dialoq və görüş imkanlarına mane olaq?! Biz buna başqalarından daha artıq layiqik. Allah bizim vahid bir ümmət olmağımızı istəmişdir: “Doğrudan da, bu sizin vahid ümmətinizdir. Mən sizin Rəbbinizəm. Mənə ibadət edin!”[1]

Biz inanırıq ki, ümmətin rəhbərləri, alim və ziyalılar bir araya gəlib dialoq ətrafında toplaşsalar, görərlər ki, müsəlmanları bir araya toplayacaq səbəblər onları parçalayacaq səbəblərdən qat-qat çoxdur. Habelə onlar üçün qorxu və həyəcanın reallıqdakından daha artıq olduğu da gözlənilməz ola bilər. Habelə görərlər ki, saziş və ittifaq (bu dünyada siyasi və sosial birliklər arasında dövrün tələbidir) əsas çıxış yoludur.

Nə məntiqə və İslama sığar, nə də doğru olmaz ki, bir müsəlman kimi Allahın Kitabı və Peyğəmbərin Sünnəsində inkişaf etmədən qalaq, ayrılıq və parçalanmağa səbəb olan məsələlərdə israr edək. Hamımız bilirik ki, görüş və dialoqun mənfi cəhətləri nə qədər çox olsa da, bir-birimizi küfrdə günahlandıran, bizi bir-birimizdən ayrı salan, bir-birimizə qarşı böhtan və iftiralar yaxan qruplar və cərəyanlar olaraq qalmağımızdan çox-çox azdır.

QƏRB SÜNNİŞİƏ ARASINDAKI İXTİLAFLAR

Tarixən, uzun illər müsəlmanlar bir çox işlərdə fikir və əməldə həmrəy olmamışlar. Heç öz-özümüzə sual vermişik ki, ixtilaflar bu şəkildə hazırkı dövrdə bizim reallığımızda nə üçün cərəyan edir? Kimsə fərd, qrup, yaxud məzhəb olaraq özündən soruşur ki, nə üçün qərb bu günlərdə əvvəllər görünməmiş şəkildə sünni və şiə arasındakı bu mübahisəli və ziddiyyətli məsələləri öyrənməklə məşğul olur? Xüsusilə də, sələfilər və şiələr arasında tədqiqat aparır. Onların mötədil və radikalları haqqında məlumat toplayır. Məgər bilmirikmi ki, dünyada yüzlərlə, hətta minlərlə tədqiqat obyektləri vardır ki, İslamı, onun məzhəblərini öyrənir, bu da İslam etiqadlarını, məzhəblərini bir-birinə mənfi obrazda göstərmək məqsədi daşıyır. Məgər biz bilmirik ki, qrup, tayfa, bölgə, dil məsələləri ilə bağlı İslamın yenidən qarışdırılması elmi xarakter daşımır, əksinə hamımızı əhatə edəcək yeni planların hazırlanması məqsədini güdür? Daha dərinə getmək istəsək, daha artıq öyrənəcəyik. Bu vəziyyət nə bizi, nə Peyğəmbərimizi, təbii ki, nə də yerin və göylərin yaradıcısı olan Rəbbimizi razı salmaz.

Məgər bütün bunlar kifayət qədər mühüm səbəb deyilmi ki, qeydsiz-şərtsiz bir masa ətrafında əyləşək, fikir ayrılıqlarını araşdıraq, problemlərimizi müzakirə edək?! Bunları bizim üçün başqaları etmədən, bizə yeni münaqişə mövzuları yaratmadan biz etməliyik.

Ümmətin daha böyük problemləri üzərində dayanmağımız daha münasib olmazmı? Axı Fələstin problemi, İslam dünyasının əcnəbi cəlladlardan xilas olması, İslam dünyamızın qərb işğallarından azad edilməsi və sair problemlər ümmətin mənafeyinə birbaşa təsir edir.

İslam dünyası orta və yeni tarixi boyunca məzhəblər, cərəyənlar arasında bir çox dialoqların şahidi olmuşdur. Bunların ən gərgini isə sələfilər və şiələr arasındakı dialoqdur. Lakin bu dialoqların əksəriyyəti uzaqdan-uzağa baş tuturdu. Hamısı da mənfi, heç bir müsbət nəticə verməyən əksər hallarda problemli dialoqlar olmuşdur. Ola bilsin, bu dialoqların keçmişdə inancla kifayətlənməsi onları yaxınlaşdırmağa mane olan ixtilaf içərisində saxlamışdır. Bəlkə də, şiələr və sələfilər eyni səviyyədə uzun zaman öz aralarındakı münaqişə ocağını söndürməyə, əqidə və şəriət ətrafındakı ixtilafın qarşısını almağa bu gün olduğu kimi ehtiyac duymamışlar.

İslam dünyasının vəziyyəti, qərb ölkələrinə açılışı, planları, ideyaların inteqrasiya qloballığı və siyasi bloklar dəyişdikcə, bu gün mövzuya baxış bucağı da fərqlənir. Şiələr və sələfilər arasındakı bu ixtilaf elə həddə çatmışdır ki, hər iki tərəfin siyasi, sosial və iqtisadi təhlükəsizliyini hədə altına alır. Bu qarşıdurma hər yerdə, hər iki tərəfə təhlükə yaratmaqda davam etmiş, xarici amillərin araya girməsi gərginliyi geriyə atan bir faktora çevirmiş, hər iki tərəfin insanlarını çətin vəziyyətə salmışdır. Belə bir vəziyyətdə ittifaq əldə olunmayan məsələlər ətrafında ixtilafı cilovlamaq üçün ən aşağı səviyyədə də olsa, dialoq zəruri hala gəlib çıxmışdır.

Bu hər iki tərəfin məsuliyyət daşıdığı bir işdir və ümumislam toplumunu siyasi, sosial, iqtisadi və təhlükəsizlik tərəfləri ilə birlikdə qorumaq üçün ən vacib şər’i məsələyə çevrilmişdir. Regionun və onun xalqlarının gələcəyi, ümumiyyətlə, şiələr və sünnilərin, xüsusilə də, sələfilər və şiələrin (istər sələfi, istər qeyri-sələfi) qarşılıqlı anlayış və ixtilafın tənzimlənməsi sahəsindəki bacarıqlarından asılıdır. Daha dəqiq desək, burada dialoq bütün bunların həyata keçirilməsinə kəfildir. Dialoqun siyahısı və müzakirə ediləcək işlərinin cədvəli uzun və yorucu ola bilər. Dialoq istiqamətində əməliyyat müxtəlif şəkil ala bilər. Bu işdə ümmətin bütün tərəfləri iştirak edə bilər. Niyə də yox? Lakin mühüm olan bu işə başlamağımızdır. Başlanğıc isə o deməkdir ki, qənaətbəxş nəticələrə gətirəcək yolu göstərən kompası əlimizə götürək. Ola bilsin, dialoq bütün ixtilaflı məsələləri həll etməsin, lakin əminliklə deyə bilərik ki, əsas və ən böyük hissəni həll edəcəkdir. Nəhayət, müsəlmanlar parçalandıqları və ittifaqa gələ bilmədikləri üçün Allah qarşısında üzr gətirməyə möhtacdırlar. Onlar bu məsələyə görə həm bu dünyada, həm də axirətdə cavabdehdirlər.

Seyid Fəzlullahın qarşılıqlı tanışlıq, sevgi və mərhəmətə giriş olaraq istədiyi dialoq qarşısında qeyri-real şərtləri bəhanə gətirmək düzgün deyildir. Burada hamının istəyinə uyğun olan şərtlər aşağıdakılardır: 

Sadiq niyyətlərin bolluğu, Quran və nəbəvi mənbəyə istinad etmək və bu istinadın əsas məzhəb qaydalarına mane olmadan hər kəsə açıq olması. Bunlar müsbət nəticələrə çatmağa imkan verməlidir.

Ola bilsin ki, Seyid Fəzlullah öz şər’i-islami məsuliyyətindən çıxış edərək dialoqa dəvət etməklə hamını həyəcanlandırmışdır, lakin bu həyəcan xoş həyəcandır. Biz inanırıq ki, insanları dialoq qurmağa dəvət edən bu hərəkətlə o, vəhdət və yaxınlıq istəyən bütün müsəlmanların qəlbinə sevinc bəxş etmişdir. Müzakirə ediləcək mövzunun geniş təfsilatı vardır ki, bu da Allah-Taalanın köməyi ilə gözlənilən dialoqla həll olunar. Mühüm olan qəlblərin buna hazırlığı və niyyətlərin təmizliyidir.

Müəllif: Doktor Nəcib Nurəddin (10. 07. 2007)

 Tərcümə: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor: Məhbubə Kərimzadə


[1] “Ənbiya”, 92

SEYİD FƏZLULLAH … MƏZHƏBÇİLİYİN FÖVQÜNDƏ DAYANAN ŞİƏ

SEYİD FƏZLULLAH… MƏZHƏBÇİLİYİN FÖVQÜNDƏ DAYANAN ŞİƏ

Seyid Fəzlullah: “Ulduzları Allah ona görə yaradıb ki, insana mütləq zülm deyilən bir şeyin mövcud olmadığını agah etsin. Bütün zülmətlərdə nur damlaları vardır bu nur damlaları bir yerə cəm olurlar ki, sübh şəfəqinin yaxında olduğunu xəbər versinlər”.

Bu sözlər livanlı novator (modernist) şiə rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullaha məxsusdur. Bu alim müsəlmanların səflərini (yəni dəstələrini) parçalamaq istəyən və İslam ümməti arasında təfriqələrin yaranmasına zəmin yaradan qüvvələr qarşısında öz zəngin elmi, geniş dünyagörüşü və qətiyyəti ilə mübarizə aparırdı.

O, – ola bilsin ki, hamıdan əvvəl – Peyğəmbərin həyat yoldaşlarını və əshabəsini – Allah onların hamısından razı olsun! – təhqir etməyin haram olduğunu elan edən və Həzrət Fatimə əleyhəssəlamın Ömər ibn Xəttab tərəfindən döyülməsi və qabırğasının sındırılması haqqında şiə ədəbiyyatında yer alan hadisəni inkar edən və bunun baş verməsini qeyri-mümkün hesab edən şiə müctəhidi və rəhbəridir. O, Mədinə şəhərindəki “Məlik Fəhd adına Mətbəə”də çap olunub iki üz arasında qərar tutan kitaba səmimiyyətlə iman gətirdiyini və bu kitabın mətnləri ilə ziddiyyət təşkil edən hər bir şeyi rədd etdiyini təsdiq etməklə “Fatimənin müshəfi”ni, yəni Həzrət Fatimə əleyhəssəlama məxsus olan Quran nüsxəsini inkar etmişdir.

Əli ibn Əbitalibin Əbubəkr Siddiqə beyət etdiyini və onun Ömər ibn Xəttabın – Allah onların hamısından razı olsun! – vəlayətini (hakimiyyətini) qəbul etdiyini iqrar etmiş və İmam Əlinin onlara müşavir olduğunu, daim kömək etdiyini və yol göstərdiyini təsdiq etmişdir.

Seyid Fəzlullah başda Ayətullahil-üzma Xomeyni olmaqla bir çox şiə müctəhidləri və mərcə’ləri ilə ixtilaf edərək imamların – Allahın salamı olsun onlara! – müqəddəsləşdirilməsini, onların qeybi bildiklərini və məqamlarının nübüvvət və peyğəmbərlik məqamına bərabər olduğunu inkar etmişdir. Livanda dünyaya gəlib boya-başa çatan Fəzlullah öz ölkəsində Ali Şiə Məclisinin yaradılmasına qarşı çıxmışdır. Çünki o, bunun təkcə şiələrə deyil, bütün müsəlmanlara xidmət etməsinə və öz sıralarında istər sünni, istərsə də şiə olmaqla bütün müsəlmanları cəmləşdirməsinə inanırdı.

Seyid Fəzlullah bütün bu işlər və əqidələr uğrunda mübarizə apardı, öz məzhəbçiliyinin fövqünə yüksəldi. O, məzhəbçilikdən çəkinərək insanları ümmət üçün yeganə qurtuluş yolu olduğuna inandığı vəhdətə doğru çağırdı… Hətta fərqli bir dini rəhbərlik yaradaraq məzhəbin fövqündə dayandı.

BAŞLANĞIC

O, 1935-ci ildə İrakın Nəcəfi-əşrəf şəhərində doğulmuşdur. Onun atası Əbdurrauf Fəzlullah dini elmləri öyrənmək üçün Livanın Cəbəli-Amil bölgəsindən oraya (İraka) əvvəlcədən mühacirət etmişdi. Seyid o dövrdə ən məşhur elm mərkəzində ailəsi ilə birlikdə uzun zaman dərs və tədrislə məşğul oldu. Onun gənclik illəri Nəcəfi-əşrəfdəki böyük Elmi Hövzənin (Seminariyanın) qucağında keçmişdir. Belə ki, Fəzlullah dini tədrisini doqquz yaşında atasının yanında başladı və tədricən irəliləyib təqribən 16 yaşında dərsi-xaricə (magistr və doktorantura mərhələsinə) daxil olub Seyid Əbülqasım Xoyi, Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi və Şeyx Hüseyn Helli kimi o dövrün böyük Hövzə ustadlarından dərs aldı.

Buna görə də həmyaşıdları onun elmi məqamının və təhsilinin şahidi olmuşlar. 1966-cı ildə o, Livana qayıtdı. Bu qayıdışla İrakdakı islami fəaliyyət meydanı böyük bir itki verdi.

 Seyid Mühəmmədbaqir Sədr bunu öz sözü ilə belə ifadə etmişdir: “Nəcəfdən çıxan hər bir şəxs Nəcəfdən məhrum olmuşdur, lakin Seyid Fəzlullah istisnadır. O, Nəcəfdən çıxdıqda Nəcəf ondan məhrum oldu”.

İslami-mədəni işlə məşğul olan Qardaşlıq Ailə Cəmiyyətini yaratmış bir qrup şiə alimlərinin ona göndərdiyi dəvətə cavab olaraq Seyid Fəzlullah Livana qayıtdı. Onlar Livan İslami İş Dairəsinin Fəzlullaha ehtiyacı olduğuna inanaraq bu dəvəti göndərmişdilər. O, İslam Şəriət İnstitutu hövzəsini (seminariyasını) yaratmış, bir çox dini elmlər öyrənmək istəyənlər üçün başlanğıc nöqtəsini qoymuşdur. Livan ortamında bir çox görkəmli alimlər bu institutda təhsil almışdır. İnstitut müasir dövrdə də qalmaqdadır.

Livana köçəndən bəri Seyid Fəzlullahın fəaliyyəti təkcə nəzəri dəvətlə bitməmiş, əksinə ictimai xidmətlər də göstərməyə davam etmişdir. Nəbəə məntəqəsində qadınlar üçün elmi hövzə (seminariya) qurmuş, tibbi xidmətlər göstərən klinika yaratmışdır. Vətəndaş Müharibəsi başladıqdan sonra yaşamaq üçün cənuba köçmüş, yetimlər üçün xeyriyyə evləri, ictimai təşkilatlar, tibbi müəssisələr və məscidlər inşa etmişdir.

FƏZLULLAH HİZBULLAH

Partiyanın yaradıcısı olan bir çox kadrların mənəvi-ideoloji tərbiyəsindəki roluna görə Fəzlullah Livan Hizbullahının mənəvi rəhbərlərindən sayılır. O, dünyada mühüm şiə dini rəmzlərindən biridir, çünki insanlar keçən 50 ildən artıq bir müddətdə onun siyasi-ictimai təcrübəsindən faydalanmışlar.

Fəzlullah Livanda, Körfəz ölkələrində, Amerika, Kanada və Avstraliyada miqrant məntəqələrində geniş miqyasda mürid və davamçılar qazanmışdır. Məhz bu vəziyyət ona böyük maliyyə və dəvət imkanları yaratdı. Nəticədə onun şiə ərəblərin dini rəhbəri kimi geniş miqyasda tanınmasına kömək etdi. Habelə onun tabeçiliyində “Müjdəçi xəbərlər” radiosu, 15-dən artıq nəşriyyat evi, əlavə olaraq onlarla xeyriyyəçi müəssisələr və qurumlar vardır ki, Livandakı yetimlərə və ehtiyacı olanlara xidmət edir.

Eyni zamanda 3 elmi hövzəyə həm rəhbərlik edir, həm də xərclərini ödəyir. Onlar Dəməşqdə “Bəhmən” hövzəsi, Qumda “Əttar” hövzəsi və Livanda “Qureyfi” hövzəsidir. Bundan başqa, bir sıra hövzələrə də rəhbərlik edir. Bu, Körfəzdə, xüsusilə Küveyt, Bəhreyn və Səudiyyədə şiələrin verdiyi xümslər hesabına reallaşır. Həmçinin onun əksər ərəb dövlətləri ilə, xüsusilə Ərəb Körfəzi dövlətləri və Livanda rəsmi səviyyələrdə geniş əlaqələri vardır.

FƏRQLİ DÜŞÜNƏN

Fərqli düşünən şiə rəhbər… Bu, Seyid Fəzlullahın ən çox yayılmış xarakteridir. Məhz o bildirmişdir ki, imamət mövzusu ətrafındakı fikir ayrılığına tarixə söykənərək nəzər salmalıyıq. Bununla da müsəlmanların bölünüb-parçalanmasına deyil, onların bir güc halında bir yerə toplanmasına şərait yaratmalıyıq.

Eyni zamanda o, İranı İrakda iranyönlü Sistaninin rəhbərliyini qəbul edib, Livanda ərəbyönlü Fəzlullahın rəhbərliyini rədd etməyə vadar edən kəskin fikirlərin müəllifidir. Baxmayaraq ki, dünyaya şiə düşüncəsinin yayıldığı tarixi məkan olan Livandakı Cəbəli-Amil Qum və Nəcəfdən daha öndədir.

Dünyada böyük şiə rəhbərlərindən biri kimi Fəzlullah öz elmi, mötədilliyi və şiə evinə açılışı ilə tanınmış böyük ideoloji layihə hazırlamışdır ki, bununla şiələr təkcə Livanda deyil, bütün ərəb regionunda da fəal ictimai-siyasi qüvvə kimi tanınmışdır.

Fəzlullah özünü yalnız müridlərinə həsr etmiş ötəri bir insan deyil. O, Livanda ən böyük hadisələrin önündə gedən, daim qəlblərdə qalacaq bir şəxsiyyət olmuşdur. 1989-cu ildə silahlı müqavimət layihəsindən başlayaraq 2009-cu ildə seçki əməliyyatına qədər həmişə terrorizmlə günahlandırılmış, Amerika və Qərb mediasında Hizbullahın mənəvi atası kimi qələmə verilmişdir. Habelə 1983-cü ilin oktyabr ayında Livanda Hizbullahın həyata keçirdiyi və yer üzündə ən böyük qeyri-nüvə partlayışı hesab olunan mübarək əməliyyatda da ittiham edilmişdir.

TƏƏSSÜBKEŞLİYƏ QARŞI

Seyid Fəzlullah hesab edir ki, Livan xalqı öz xristianları və müsəlmanları ilə birlikdə vahid bir vəhdət təşkil edir. Onlara deyir: “Din bir dəyərdir, tayfaçılıq isə qəbilə dəyərlərinə belə malik olmayan geridə qalmış qəbiləçilikdir. Gəlin ağlın qəlbin sözünə qulaq asaq! Gəlin məhəbbətlə dolu gözəl bir ölkə quraq! Qoy hərəkatımız insanda gözəllik olsun!”

İmamlar haqqında qülüvv (həddi aşıb onlara ilahi sifətlər isnad etmək) və onlara təəssübkeşlik barəsində isə buyurur: “Biz hər hansı bir imam hər hansı peyğəmbər üçün istənilən növ qülüvvü rədd edirik, çünki biz xalis tövhidə iman gətirmişik. Əli ibn Əbitalib haqqında qüluvv ilə bağlı hesab edirik ki, Əli barəsində həddi aşmaq, onun ilahlığına ilahlığa yaxın olduğuna etiqad etmək küfrdür”.

Eyni zamanda o, Aşura günü şiələrin başından və kürək nahiyəsindən qan çıxardıqları bəzi ayinlərə etiraz etmişdir. O, insanların bu cür hərəkətini səhv üsyan…” hesab etmişdir. “Biz İmam Hüseyn hərəkatının təmsil etdiyi faciəyə başqa bir don geyindirilməsinə, insan bədəninə əziyyət verilməsinə, yaxud İslamın görüntüsünü zədələyəcək hər hansı bir hərəkətə etiraz edirik”. Həmçinin şiələrin bəzi düzəldilmiş daşların (möhürün) üzərinə səcdə etmələrini də inkar etmişdir. Bildirmişdir ki: “Bu, heç bir müqəddəslik simvolu deyildir”. Əlavə etmişdir ki: “ƏhliBeyt fəqihlərinin fikri budur ki, yalnız yerə (torpağın üzərinə) səcdə edilməlidir”.

Azandakı şiə və sünni ixtilafı haqqında buyurur: BizƏşhədu ənnə Əliyyən vəliyyullah!” (“Şəhadət edirəm ki, Əli Allahın bütün məxluqat üzərinə təyin etdiyi rəhbəri vəlisidir”) cümləsini azanın bir hissəsi hesab etmirik. Fitvalar kitabında da bunu yazmışıq. Bildirmişik ki, biz azana hər hansı bir cümlənin əlavə edilməsi ilə razılaşmırıq. “Həyyə əla xayriləməl” (“Ən xeyirli işə tələsin!”) cümləsində ixtilaf var. Burada şiə müsəlmanlardan gələn rəvayətlərə görə bu azanın bir hissəsidir, lakin sünni müsəlmanlar bunu belə hesab etmirlər. Həmçinin sünnilər sübh azanındaƏsSəlatu xayrun minənnaum” (“Namaz yuxudan daha xeyirlidir”) cümləsini artırırlar, lakin şiələr bunu düzgün saymırlar. “Əşhədu ənnə Əliyyən vəliyyullah” cümləsi ilə əlaqədar onu bildirmək istəyirik ki, azanın bir hissəsi deyil, onu azanın bir hissəsi hesab etmək icazəli deyil. Şiələr bunu yalnız təbərrük üçün deyirlər”.

RƏHBƏRLİK FİTNƏSİ

Şiə rəhbərlər arasındakı əlaqələrdə müasir tarixdə geniş bir əlamət olaraq Fəzlullah fitnəsi kimi tanınmış fitnə davam etməkdədir. Bu, Seyid Mühəmmədhüseyn Fəzlullahın Nəcəf və Qumdakı elmi hövzələrin xaricində müstəqil rəhbər kimi elanından sonra İran və İrakdakı həmkarları tərəfindən məruz qaldığı hücumla başlayır.

Qumdakı rəhbərlər daha fəal hərəkətə keçdilər. Bu ittihamlar onun şəfaət və təvəssülə qarşı mübarizəsindən, övliyaların, xüsusilə Fatimeyi-Zəhranın məqamı, imamların möcüzəsi barəsindəki fikirlərindən sonra bir az da gücləndi. Belə bir vəziyyətin yaranmasına Ayətullahil-üzma Qolpayqaninin Seyid Fəzlullaha nəsihət və tənqid məktubu göndərməsi də səbəb olmuşdur. O tələb edirdi ki, şiələr arasında mübahisəyə bir an əvvəl son qoysun. Hətta bəziləri iddia edirdilər ki, o, şiə dini rəhbərliyini ləğv etməyə çalışır.

Həmçinin Seyid Fəzlullah onda da ittiham olunurdu ki, Qumda və Nəcəfdə böyük rəhbərlər zahidanə həyat tərzi sürürlər, o isə zövq və şəhvət içində olan bir həyat yaşayır. Deyirdilər ki, İran və İrak alimləri köhnə və ucuz mənzillərdə yaşadığı bir halda, Fəzlullah qəsr və saraylarda ömür keçirir.

SUİQƏSD CƏHDLƏRİ

Seyid Fəzlullah üç dəfə pis niyyətli insanlar tərəfindən sui-qəsdə məruz qalmış, hər üçündən də xilas olmuşdur. Bu da onun həmişə hadisələrin özəyində olmasından, dediyindən dönməməsindən, israrla çalışmasından irəli gəlirdi. İndiyə qədər də bilinmir ki, bu sui-qəsdlərin arxasında kim dayanır; Amerika təhlükəsizlik idarələri, yoxsa İsrail agentliyi, yaxud onun narahat etdiyi həmyaşıdı olan din xadimləri! Axı o bir çox şiə mütəfəkkirlərini heç nədən çəkinmədən tənqid edir, imamları və rəhbərləri əfsanələşdirən bütün fikirlərə və hadisələrə şüurlu şəkildə etiraz edirdi. Bu da onu asanlıqla hədəfə çevirir, ikiüzlülükdə və şiə məzhəbini yox etməkdə ittiham edilməsinə səbəb olurdu.

Müəllif: Həmdi ətTəhavi (21.02.2010)

Tərcümə: Salman Səfəralı oğlu Süleymanov

Təshih: Xəyyam Əliağa oğlu Qurbanzadə

Redaktor: Əfruzə Həsən qızı Həsənova

Korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə

SADİQİ TEHRANİNİN ŞAHİDLİYİ

Əllamə Sadiqi Tehrani Livandakı Elmi Hövzə (Seminariya) tələbələrinin Ayətullah Seyid Fəzlullahın ictihadı və ona təqlid etməklə bağlı ona ünvanlanan suala belə cavab vermişdir: “Rəhman, Rəhim Allahın adı ilə! Sizin sualınıza cavab olaraq deyirəm ki, Ayətullahil-üzma Seyid Mühəmmədhüseyn Fəzlullah – Uca kölgəsi var olsun! – İslam elmlərini Kitab və Sünnə işığında çox yaxşı bilən nadir bir alimdır. Mən artıq qırx ildir ki, onu dərin bilgiyə sahib olan bir alim kimi tanıyıram. İki mənbəyə (Kitab və Sünnəyə) əsaslanaraq verdiyi fitvalarda ona təqlid etməyi heç bir şübhə olmadan icazəli hesab edirəm. Allah onu qorusun!”

Qum Elmi Hövzəsi,

h. q. cəmadiyələvvəl ayı 1420-ci il – m. avqust ayı 1999-cu il